Search here...
TOP

FMCG və Pərakəndə sektorunda Merçendayzinq

Merçendayzinq bildiyiniz kimi Ticari Marketinqin əsas funksiyalarından biridir. Şirkətlərin strukturlarına, iş proseslərinə görə bəzən bu proses başqa departamentlərə də həvalə edilə bilər. Pərakəndə sektorunda görülən merçendayzinq işləri həm də FMCG şirkətlərinin işinin tamamıdır desək yanlış olmaz. FMCG şirkətlərinin isə merçendayzinq planları pərakəndə satış kanallarına görə dəyişə bilər, ancaq satış nöqtəsində gördükləri merçendazyinq tədbirləri həmin şirkətlərin üstünlüyünü ortaya qoyur.

Həmçinin indi bizim bazarda, bu zamana qədər isə dünyada inkişaf etmiş pərakəndə şəbəkələrində də bu gedişata müəyyən mənada təsir edən və pərakəndə şəbəkələrin öz güclərindən maksimum istifadə edərək FMCG şirkətlərini sıxışdırmalarına təsir edən digər bir inkişaf yolu var. Bu isə pərakəndə şəbəkələrinin özlərinə məxsus şəxsi markaları (Private Label) yaratmalarıdır. FMCG şirkətlərdən başqa pərakəndə şəbəkələr də artıq öz şəxsi markalarının diqqət çəkməsi üçün artıq merçendayzinq tədbirlərini gücləndirir. Hazırda bizim bazarda şəxsi marka satışları qlobal və lokal markalara görə satış payı aşağı olsa da, dünyada gedən tendensiyaya baxarsaq, bu pay artacaqdır. Əlbəttə ki, pərakəndə şəbəkələrinin peşakərlaşması və ümumilikdə onların gücünü artıran müəyyən şərtlərin ödənməsi də bu prosesi sürətləndirəcəkdir. Bu yazıda merçendayzinq tədbirləri haqqında qısa şəkildə məlumat verəcəm, ancaq bu merçendayzinq mövzusu çox geniş mövzu olduğu üçün davamlı yazmağa və faydalı məlumatları paylaşmağa çalışacağam.

1.Müştərilərlə danışan rəflər:

-Biz buna dolayısı ilə işçilik xərcinin aşağı salınması da deyə bilərik. Rəflər və ya rəflərdə müəyyən markalar merçendayzinq tədbirləri ilə dəstəklənirsə, həmin markalara aid məlumatlar, stopler, shelftalker, vobler, qiymətlik, dizayn və s. məhsula aid ağlımıza gələcək hər şey, elə tərtib olunmalıdır ki, müştərinin hansısa bir işçidən məlumat soruşmağa ehtiyacı qalmasın.                  Bu, müştərilərin alış-veriş təcrübələrini asanlaşdırır və satış nöqtəsinə təkrar gəlməyə təşviq edir. Belə bir nümunə də çəksək: Məhsulların qablaşdırmasında çox kiçik hərflərlə yazılar olur, bəs onu necə oxuyaq? Şəbəkənin adını unutmuşam, müştəri arabalarının üzərində böyüdücü (lupa) qoyan şəbəkələr də varki, bu həm dediyimiz kimi işçinin zamanının daha səmərəli istifadə olunmasına və müştərinin də məmnun olmasına gətirib çıxaran xırda bir nüansdır.

-Merçendayzinq tədbirləri dolayısı ilə müştərilərin sizin məhsulalrınızın fərqinə varmasına gətirib çıxarır. Bu isə müştərinin özünü satış nöqtəsində rahat hiss etməsinə təsir edir və  markaya qarşı müştəridə loyallıq yaradır.

2.Gəlirlərin artması:

-Araşdırmalar göstərir ki, müştərilər bütün pərakəndəçilərin məhsulu baha satdığını düşünür. Bu səbəbdən müştərilərin əsas çoxluğu endirimlərə həssaslığı ilə bilinir. Nəticədə müştərilərdə ucuz qiymət fikri yaratmaq üçün sizin istər pərakəndə istərsə də fmcg şirkətlər müəyyən addımlar atmalıdır.

Məsələn: Bir pərakəndəçi mağaza daxilində teşhirlər, səbətlər, rəf başları, stendlər vasitəsilə endirimli məhsulları nümayiş etdirə və ucuzluq fikri yarada bilər. Bu o anlama gəlmir ki, bütün məhsulların qiymətin endirmək lazımdır, sadəcə müştərilərdə bu fikri formalaşdırmaq gərəkdir.

FMCG şirkəti baxışı ilə baxarsaq, şirkətin özünə məxsus şəxsi brendləri və ya distrubisiya funksiyasını yerinə yetirdiyi brendlər müxtəlif şəbəkələrdə satıla bilər. Sadəcə satış nöqtələrində teşhirlər, səbətlər kiralayaraq məhsullarını endirimli qiymətlə nümayiş etdirdiyi zaman, müştəridə həmin brendlərlə bağlı daha qənaətcil imici formalaşır. Dolayısı ilə sizin markanı başqa şəbəkədə görən eyni müştəridə də brendə qarşı fikir dəyişmir.

Görülən bu tədbirlər satışların və gəlirlərin artmasına gətirib çıxarır.

3.Kassa ətrafı zonalarda impulsiv məhsulların müştərilər təklif edilməsi ilə gəlirlərin artırılması mümkündür. Kassa ətrafında, hətta kassaya yaxın digər rəflərdə elə məhsullar düzülməlidir ki, müştərilər bu məhsulları gördüyü zaman hansısa bir səbəbdən ordakı məhsullardan almaq istəsin. Bu aşağıdakı səbəblər olar bilər.

-Aclıq hiss edə bilər (snickers)

-Hansısa xoş bir xatirəsi yadına düşər (istənilən marka və ya bounty-cənnət həzzi verir)

-Ağız qoxusun xatırlaya bilər (saqqız)

-Öz övladına aldığı məhsulları xatırlaya bilər (kinder, ozmo)

-Reklamda gördüyü brendi kassa yanında görüb, dadmaq istəyər və digər başqa səbəblər.

Bu siyahını çox uzatmaq olar. Ümumilikdə müştərinin beynində brendə aid xoş xatirələr yaratmaq lazımdır. Bu hisslər nə qədər güclü olarsa, müştəri hər zaman kassa yanında olsa da, olmasa da həmin brendə yönələcəkdir.

4.Yuxarıda da qeyd etdiyim kimi, işçilərin əlavə zaman itirməsinin qarşısını almaq olur. Bu halda şirkətin əlavə xərclərini optimallaşdırmağa imkan verir. Merçendayzinq tədbirləri müştərilərə tam dolğun məlumat çatdırdığı üçün ekstra işçiliyə ehtiyac qalmır. Bu isə xərclərin azalmasına təsir edir.