Search here...
TOP

Güclü brend yoxsa çox satan məhsul

Fərqli anlayışlardır. Mövqelənmə çox önəmlidir, brend nə demək istəyir müştərilərinə, hansı vədləri vermək istəyir?

Təcrübəmizdə də gördüyümüz bəzi hallarda məhsullar bazara daxil olur, daha sonra brending etməyə başlayırlar. Bunun müxtəlif səbəbləri var.

Sahibkar satıcı kimi davranır və peşəkarlara güvənmir, bazar adamı kimi də davranmağa davam edir. Öz beynində qurduğu senaryonu gözləyir qarşısındakı peşəkardan. Həmin senaryonu almadığı halda təkid edir ki, onun dediyi təkrarlansın, hər kəs onunla razılaşsın. İstəyir ki, ona təzim etsinlər, haqlı olmasa belə haqlı olduğunu desinlər, maraqlı bir fikir söylədiyini bildirsin hər kəs. Belə hallar dünyanın bütün ölkələrində olur. Çünki insanların yaşadığı ölkələr fərqli olsa da nəticədə xarakterlərinə görə bölündükləri psixotiplər aşağı-yuxarı demək olar ki, eynidir.

Bazarın sabit olmaması da sahibkarın davranışına təsir göstərə bilər. Bizim o çıxardığımız SWOT təhlilin xarici təsirləri hissəsində müəyyən məqamlar vardır ki, təhlükəli görünür və nə qədər güclü brend yaratsanda bilmirsən sabah brendin fəaliyyəti davam edəcək, yoxsa bir gecədə də yox olub gedəcək. Bu da bəzən brendləşməyə mane olur.

Bəs deyək ki, bunlar olmadı, o zaman güclü brend yoxsa çox satan məhsul prioritet olmalıdır? Əlbəttə ki, güclü brend. Bilirsiniz, brendin müəyyən dəstəkləyən anlayışları var. Nümunə üzərindən izah etməyə çalışacam.

İphone və Xiaomi mobil telefonlar.

Xüsusiyyətləri: Zəng edib, zəng qəbul etmək, oyun oynamaq, mesaj yazıb, almaq və s.-dir.

Faydaları: Müəyyən işlərimizi görməkdə, problemlərimizi həll etməkdə bizə kömək edir. Dəyərlər: Xiaominin dəyərləri haqqında məlumatım yoxdur, ancaq İphone markasının dəyəri insanlara xüsusi status verməkdir. Siz onun rəsmi mağazalarına getidyiniz zaman satıcı sizinlə elə ünsiyyət qurub, elə danışır ki, deyirsən bu istənilən sahədə məndən çox bilir, mən də onun kimi olmalıyam. Bu istək də nəticədə səndə Apple markasına aid məhsullardan istifadə etmək arzusu yaradır. Bax budur güclü brend.