Search here...
TOP

Kərə yağı bazarında nə baş verir?

Bugün bazarda son zamanlarda müşahidə etdiyim, bu bazarda olan oyunçular (şirkətlər) üçün maraqlı olacaq bir məsələ ilə bağlı fikrimi paylaşmağa çalışacam. Əsasən qida pərakəndə mağazalarını gəzdiyim zaman bir halı müşahidə edirəm, ötən ilə görə kərə yağı satıcıları çox aktivləşib. Görünən odur ki, müştərilərin davranışlarına ciddi şəkildə təsir edən müəyyən səbəblər var və bunu hiss edən, görən, ölçən satıcılar da piştaxtalarda brendlərini xüsusi tədbirlərlə dəstəkləyirlər. Bu dəstəklər nədir, aşağıda bir neçəsini qeyd etməyə çalışacam.

-Demək olar ki, hər marketdə artıq istənilən zaman fərqli kərə yağı brendini endirimdə görmək mümkündür.

-Endirim olmadığı halda bu məhsulların rəf paylarının böyüdüyü açıq şəkildə görünür.

-Həmçinin digər P.O.S. materiallarla brendlər dəstəklənir ki, müştərilərin diqqətini məhsula çəksinlər.

Bazarda kərə yağı istehsal edən, satan şirkətlərin bu addımına 2 vacib nüans təsir edə bilər.

1.Rəqiblər çox aktivləşib və pay itirdikləri üçün bu addımlara əl atıb, mövcud müştərilərini saxlamağa çalışırlar.

2.Kərə yağı bazarının böyüməsi müşahidə edilir, bu səbəbdən böyüyən bazarda brendlər öz mövcud paylarını da böyütməyə çalışırlar.

Mənim fikrimcə bu il gördüyüm bu dəyişikliyə səbəb ikincidir. Kərə yağı bazarı böyüyür və bunu müşahidə edən şirkətlər də öz paylarını böyütməyə çalışırlar. İndi keçək əsas məsələyə, bu tezimi əsaslandırım və möhkəmləndirim.

Ötən ilə baxdıqda bu il bazarda çox ciddi qiymət artımları müşahidə olunub. Xüsusilə duru yağ bazarında. Bu bazarda elə bir sıçrama baş verib ki, hətta bu qiymət artımı qarğıdalı yağlarında da artıma təsir edə bilər. Ötən ilə baxdıqda bu il artıq biz günəbaxan yağı üçün təxmini 2 dəfə, qarğıdalı yağı üçün 1.3 dəfə, marqarin üçün 1.2-1.3 dəfə daha çox pul ödəməliyik. Ancaq kərə yağı bazarında bunu müşahidə etmək mümkün deyil. Əlbəttə bunu görən müştərilərin davranışları istər-istəməz dəyişəcəkdir. Müştərilər daha keyfiyyətli yemək üçün demək olar ki, kərə yağı ilə olan qiymət fərqini bağlamağa çalışan digər yağlara görə seçimini kərə yağına dəyişir. Bu isə ümumilikdə kərə yağı bazarına müsbət təsiri ilə nəticələnir.

Böyüyən bazarda isə payı saxlamaq və ya daha da artırmaq üçün şirkətlər artıq müştərilərin daha çox diqqətini çəkməyə, onlara xüsusi güzəştlər edərək öz brendlərinə çəkməyə çalışırlar. Əlavə olaraq qeyd edim ki, Zellandiya kərə yağı mifi artıq bazarda yox olmağa başlayır və avropa ölkələrinin istehsalı olan kərə yağları xüsusi bir paya sahiblənir bazarda.